Autizm sindiromunun müalicəsi varmı? - ARAŞDIRMA

Autizmin oğlan uşaqlarında daha çox rast gəlinməsi faktı elmi ədəbiyyatda geniş müzakirə olunur. Araşdırmalar göstərir ki, genetik mexanizmlər, xüsusilə X xromosomu ilə əlaqəli faktorlar bu fərqin yaranmasında rol oynayacaq.

SİA mövzu ilə bağlı araşdırma edib.

Niyə autizm daha çox oğlan uşaqlarında müşahidə olunur?

Eyni zamanda, bəzi mütəxəssislər qız uşaqlarında autizmin daha gec və ya daha yüngül simptomlarla üzə çıxdığını, buna görə də diaqnostikadan yayınma ehtimalının yüksək olduğunu vurğulayırlar. Bu isə statistik göstəricilərdə oğlan uşaqlarının üstünlük təşkil etməsinə səbəb olur və cəmiyyətdə autizmin cinsiyyətlər üzrə real yayılma nisbətinin olduğundan fərqli qavranılmasına gətirib çıxarır.

Digər mühüm məqam valideynlərin erkən xəbərdarlıq əlamətlərinə münasibətidir. Uşağın “gec danışacağı”, “atasına çəkdiyi” və ya “xasiyyəti belədir” kimi izahlarla nitq gecikməsinin normallaşdırılması diaqnozun gecikməsinə səbəb ola bilər.

Autizm xəstəlikdir, yoxsa xarakter dəyişikliyi?

Halbuki müasir elmi yanaşma göstərir ki, vaxtında aparılan skrininq və qiymətləndirmə uşağın inkişafında geri dönməz boşluqların qarşısını ala bilər. Buna görə də uşaq inkişafı yalnız fiziki deyil, sosial və kommunikativ göstəricilər əsasında da dəyərləndirilməli, cəmiyyət səviyyəsində valideyn maarifləndirilməsi gücləndirilməlidir.

Autizm spektr pozuntusu (ASP) nevroinkişaf pozuntularının qrupuna daxil olan, uşaq davranışının, sosial qarşılıqlı əlaqənin və kommunikasiya bacarıqlarının formalaşmasında çətinliklərlə müşayiət olunan bir haldır. Son illərdə aparılan epidemioloji tədqiqatlar göstərir ki, autizm daha çox oğlan uşaqlarında qeyd olunur; bu nisbət qızlarla müqayisədə təxminən 4:1-ə qədərdir. Bu fərqin səbəbləri genetik, bioloji və ətraf mühit amillərinin mürəkkəb qarşılıqlı təsiri ilə əlaqədardır və hələ tam dəqiq izah olunmayıb.

Autizm spektr pozuntusunu erkən mərhələdə müəyyən etmək uşaq üçün çox vacibdir, çünki erkən müdaxilə daha yaxşı inkişaf nəticələrinə gətirib çıxara bilər. Uşağın nitq və kommunikasiya bacarıqlarının inkişafı valideynlər və mütəxəssislər tərəfindən daim izlənilməlidir.

Nitq ləngiməsi olan uşaqlarla, autizmli uşaqları necə fərqləndirək?

Normal uşaqlarda danışma prosesi mərhələli şəkildə inkişaf edir: 12-18 aylıq uşaqlar adətən ilk sözlərini söyləyir, 18-24 aylıq dövrdə isə söz ehtiyatı sürətlə artır və sadə cümlələr əmələ gəlməyə başlayır.

Uşaq 18 aydan yuxarıdırsa və hələ də heç bir söz demirsə, bu vəziyyət tibbi risk siqnalı hesab olunur və uşağın nitq inkişafının daha dərindən qiymətləndirilməsi üçün səbəbdir. Eyni zamanda, 24 aylıq dövrdə sadə cümlələr deməməsi də narahatlıq doğura bilər. Bu yaşlarda uşağın çevrəsi ilə göz kontaktı qurma səviyyəsi, jest və mimikalardan istifadə etməsi, ad qoyma və cavab vermə bacarıqları da diqqətlə müşahidə olunmalıdır.

Erkən danışma gecikməsi təkcə autizmlə bağlı olmaya bilər; nitq gecikməsi müxtəlif səbəblərdən yarana bilər , eşitmə problemləri, intellektual inkişaf gecikməsi, çevresel stimullaşmanın azlığı və s. Buna görə də uşaqda nitq gecikməsi aşkarlanarsa, pediatr, nevroloq və nitq-dil patologiyası mütəxəssisi kimi bir neçə mütəxəssisin qiymətləndirməsi tövsiyə olunur. Bu qiymətləndirmə uşağın fərdi inkişaf profili əsasında xəstəlik risklərini ayırd etməyə kömək edir.

Autizm spektr pozuntusunun digər ümumi simptomları arasında sosial qarşılıqlı əlaqənin çətinliyi, məhdud və təkrarlanan davranışlar, ətraf mühitə həssaslıq və qeyri-adi maraqların olması qeyd edilir. Məsələn, uşaq adətən valideynlərlə göz kontaktı qurmaqda çətinlik çəkə, ad çağırıldıqda cavab verməyə bilər. Bu tip davranışlar autizmin mümkün əlamətləri kimi nəzərdən keçirilməlidir və vaxtında müayinə tələb edir.

Autizm sindiromunun müalicəsi varmı?

Müasir tibb və reabilitasiya sahəsində autizm üçün spesifik dərman müalicəsi yoxdur, lakin erkən mərhələdə tətbiq olunan davranış terapiyaları, nitq terapiyası və sosial bacarıqların inkişafına yönəlmiş proqramlar uşağın cəmiyyətə inteqrasiyasını və ümumi funksional səviyyəsini yaxşılaşdıra bilər. Erkən diaqnoz və fərdi yanaşma uşağın potensialını artırır, ailənin dəstəkləyici rolu bu prosesdə böyük əhəmiyyətə malikdir.

Autizm sindromu və danışma gecikməsi kimi nevroinkişaf pozuntuları müasir tibbin diqqət mərkəzindədir. Valideynlərin və mütəxəssislərin əməkdaşlığı, uşağın erkən inkişaf mərhələsində müşahidə və qiymətləndirməni prioritetə çevirməsi uşağın gələcək inkişaf perspektivini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Uşağın heç bir söz demədiyi hallarda vaxt itirmədən mütəxəssislə məsləhətləşmək və fərdi inkişaf planı hazırlamaq vacibdir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə