İnfeksion xəstəliklərin artma səbəbi BƏLLİ OLDU - HƏKİM AYDINLIQ GƏTİRDİ

“Yaz aylarında infeksion xəstəliklərin yayılmasının əsas səbəblərindən biri fəsil dəyişkənliyindən irəli gəlir. Yəni, gündəlik temperatur tez-tez dəyişir”. Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Xatirə Əliyeva deyib.

Onun sözlərinə görə, xarici mühitdə olan temperatur dəyişikliyi insan orqanizminə nisbətən mənfi təsir göstərir və immunitetin zəifləməsinə səbəb olur: “Bu da müxtəlif infeksion xəstəliklərin artması ilə özünü göstərir. İnfeksion xəstəlik dedikdə tək-tək orqanlarda deyil, bütün bədənin orqan və sistemində olan infeksiyalar başa düşülür”.

Həkim sözlərinə belə davam edib: “Temperatur dəyişikliyi tez-tez baş verən yaz-payız aylarında rast gəlinən infeksion xəstəliklərin 90 faizinin kəskin resperator virus infeksiyaları və uşaq infeksiyalarından suçiçəyi, qızılca, məxmərəyi misal göstərmək olar.

Yaz aylarında ən çox yayılan infeksiya xəstəliyi kəskin resperator virus infeksiyasıdır. Bunlara da qrip, paraqrip, koronavirus, reovirus, adenavirus və s. infeksiyaları aiddir.

Kəskin resperator infeksiyasına yoluxma halı əsasən hava-damcı və oral (ağız) yolla baş verir. İnfeksiya mənbəyi, əsasən, xəstəliyə yoluxmuş insandır. Yəni, insandan insana keçir. Yuxarı tənəffüs yollarından keçən virus orada selikli qişanı zədələyir. Bu da özünü burun tutulması, burun axması, boğazda quruluq, quru öskürək kimi göstərir. Selikli qişada məskən salmış viruslar oradan qana keçir. Nəticədə, ürəkbulanma, baş ağrısı, əzələ ağrısı, gözlərdə qaşınma və qızdırma baş verir.

Yoluxucu xəstəliklərin qarşısını almaq üçün ən yaxşı amil profilaktik tədbirlərdir. Bunlara xəstənin izolyasiya olunması, şəxsi gigiyena, tibbi maska istifadəsi, bol maye qəbulu və profilaktik peyvəndlərin vurulması aiddir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə