Zəhərlənmələrdə ilk tibbi yardımı necə etməliyik? - HƏKİM DANIŞDI

"Orqanizmə hər hansı bir kimyəvi, üzvü, fiziki maddə daxil olduqdan sonra yerli və ya ümumi zədələnmələr meydana gəlirsə, ağırlaşmalar olursa, bu maddə zəhər adlanır". Bu sözləri SİA-ya açıqlamasında tibb elmləri namizədi, dosent, əməkdar həkim Tariel Eyvazov deyib.

Həkim deyib ki, baş vermiş hal isə zəhərlənmə hesab edilir: "Zəhərlənmə törədən maddələr orqanizmə dörd yolla daxil olur:

- həzm sistemi (əsasən ağızdan)
- ⁠tənəffüs sistemi (dəm qazı)
- ⁠dəri
- ⁠qan
Zəhərlənmələr zamanı təcili yardım göstərilməlidir. Çox yaxşı olar ki, ilkin olaraq zəhərləmənin səbəbinin hansı maddə olduğu, bilzəhərlənmədən, nə qədər vaxt keçdiyi və hansı yolla daxil olduğu bilinə. Bu barədə məlumat olsa bu zaman lazımi yardım daha səmərəli olar.

Təcili yardım əsasən üç istiqamətdə aparılır:

- əgər ağızdan daxil olan maddə vasitə ilə zəhərlənmə baş vermişsə, ilk növbədə həmin maddənin orqanizmdən tez çıxarılmasına çalışmaq lazımdır. Bunun üçün ilkin olaraq otaq şəraitində olan, soyuq olmayan ilıq su içirib xəstəni qusdurmaq mümkünsə, bu çox yaxşı ilkin köməkdir. Mümkün olsa həmin suya kömür tabletkaları da əlavə etmək yaxşı effekt verir. Çünki həmin kömürdə bütün zəhərli maddələri özünə cəlb etmək, hopdurmaq, özündə saxlamaq və sonra özü ilə bərabər orqanizmdən çıxarmaq qabiliyyəti var. Tövsiyə olunur ki, zəhərlənmə ehtimalı çox olan yerlərdə ehtiyat olaraq kömür tabletkaları saxlanılsın.

- ikinci ən çox rast gəlinin tənəffüs sistemi yolu ilə yayılan zəhərlənmədir. Bunu ən çox törədən dəm qazıdır. Burada ilk yardım odur ki, xəstə təcili həmin yerdən təmiz havaya çıxarılsın. Bəzən dəm qazı gələn hissəni də bağlamaq lazımdır ki, bir daha gəlməsin. Təmiz havaya çıxardıqdan sonra onun rahat nəfəs alması üçün şərait yaratmaq lazımdır".

Həkim əlavə olaraq deyib ki, yəni dar, sıxan paltarlar olmasın, rahat mövqedə uzandırılsın, hansı vəziyyətdə daha rahat nəfəs ala bilirsə, o şəklə salmaq lazımdır: "İkinci istiqamət antidontlarla verilən zəhərlənmənin qarşısını almaqdır. Antidont zəhərli maddənin zəhərini azaldan, onun əksinə təsir göstərən maddələrdir. Zəhərlənmələr müxtəlif olduğu üçün antidontlar da müxtəlifdir. Məsələn, biləndə ki, xəstə turşu, sirkə içib zəhərlənib o zaman antidont kimi soda ilə yuyulması məsləhətdir. Biləndə ki, xəstə səhvən metil spirti içib nə qədər maraqlı olsa da, etil spirti ilə, yaxud 5%-li C vitamini ilə yuyulması məsləhətdir. Yenə burada ən çox aktiv kömürdən yuyulma üsullarına daxil etməsi vacibdir. Üçüncü istiqamətdə həkim, tibb işçisi yerinə yetirir.

Hər halda xəstə təcili həkim çağırılmalı, yaxud həkimə çatdırılmalıdır. Ola bilər ki, həddindən artıq ağır vəziyyət olar. Sancı, qusma kimi hallar olandan sonra yerli əlamətlər - qızartı, ağrı, hərarətin yüksəlməsi, bədənin qaşınması, tənəffüsün çətinləşməsi, nəbzin sürətlənməsi və səthi olması, baş ağrısı, qulaqlarda səs-küy kimi əlamətlər olur. Artıq ağır hallarda özündən getmə, şüurun getməsi, şok halı baş verir. Gec çatdırıldıqda, təəssüf ki, ölüm hallarına da təsadüf edilir. Əsas məsələ ilkin olaraq zəhərlənmə yaradan qazdan uzaqlaşdırmaq, təcili ona rahatlıq vermək, ən vacib isə həkimə çatdırmaq, yaxud həkim tərəfindən ilkin yardım göstərilməsi məsləhət görülür".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə