Təbrizdə tanınmış türkoloq Hüseyn Düzgünün dəfn mərasimi keçirilib

Təbrizdə tanınmış türkoloq Hüseyn Düzgünün dəfn mərasimi keçirilib

Avqustun 25-i tanınmış alim, dilçi və türkoloq Hüseyn Məhəmmədzadə Sədiqin (Düzgün) nəşi Tehrandan doğma şəhəri Təbrizə gətirilib.

SİA-nın əldə etdiyi məlumata görə, böyük alim "Vadi rəhmət" qəbristanlığının sənətçilər bölməsində torpağa tapışırılıb.

Alimin dəfn mərasiminə Tehran, Urmu, Zəngan, Ərdəbil və başqa şəhərlərdən çox sayda insanın qatılıb.

İnsanlar görkəmli alimin məzarı başında xorla "Azərbaycan" və "Ayrılıq" mahnılarını ifa ediblər.

Qeyd edək ki, 1945-ci ildə Təbrizdə dünyaya gələn və Tehranda yaşayan tanınmış alim, dilçi və türkoloq Hüseyn Məhəmmədzadə Sədiq (Düzgün) avqustun 24-ü səhər saatlarında dünyasını dəyişib.

1945-ci ildə Təbrizdə anadan olan Hüseyn Düzgün müxtəlif dövrlərdə siyasi, ədəbi və ictimai fəaliyyətlə məşğul olub.

O, 1979-cu il inqilabından sonra müxtəlif ədəbi nəşrlərin, o cümlədən türkcə buraxılan “Yoldaş” dərgisinin baş redaktoru olub.

İnqilabın ilk illərindən sonra ağır siyasi təzyiqlər nəticəsində Hüseyn Düzgün siyasi fəaliyyətlərini dayandırıb və ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub.

O, Tehranda türk dilinin öyrədilməsi üçün kurslar açıb, çox sayda gənc və yeniyetmənin ana dilini öyrənməsində böyük rolu olub.

Hüseyn Məhəmmədzadə Sədiq (Hüseyn Düzgün) Kaşğarlı Mahmudun “Divani Lüğat-it Türk” əsərini çevirib.

Füzulinin və Azərbaycanın onlarla klasik şairinin əsərlərini işləyib və nəşr edib.

Özbəkistan dövləti türkologiya sahəsindəki araşdırmalarına görə, Hüseyn Düzgünə “Əmir Əlişir Nəvayi” mükafatı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə