SOCAR-ın əməkdaşı Xəzərdə itkin düşüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı Xəzər dənizində itkin düşüb. SİA xəbər verir ki, bu barədə mətbuata Azərbaycan Dövlət Neft Şirkətinin Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Məlumatda qeyd edilib: "Həmkarımız Namazov Mürsəl Həsənəli oğlu Neft Daşlarında itkin düşüb. Mürsəl Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 5.45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb.

Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılmış, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılmışdır. Dəniz üzərindən üçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işlərinin davam etdirilməsinə cəhd olunur", - məlumatda bildirilib.

Qeyd edilir ki, Namazov Mürsəl Həsənəli oğlunun vəzifəsi elektrik montyorudur, 1972-ci il təvəllüdlü, ailəlidir, iki oğlu var:

"Həmkarlarımız itkin düşənin ailəsinin yanındadır, onlara mənəvi dəstək göstərməyə çalışırlar. İtkin düşən həmkarımızın ailəsinə Allahdan ümid və səbr diləyirəm. Axtarış davam edir", - deyə SOCAR-ın məlumatında əlavə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə