İnsanlar qorxu içindədir - FHN-in köməyinə ehtiyacımız var - İCRA BAŞÇISI HƏYƏCAN TƏBİLİ ÇALDI

İnsanlar qorxu içindədir - FHN-in köməyinə ehtiyacımız var - İCRA BAŞÇISI HƏYƏCAN TƏBİLİ ÇALDI

Güclü külək günorta və axşam saatlarında Qərb bölgəsinin bir neçə rayonunda fəsadlar törədib, ağaclar sınıb, elektrik enerjisinin verilməsi dayandırılıb. Daşkəsən rayonunda da güclü külək bir sıra fəsadlar törədib. Külək bir neçə ağacın iri budaqlarını sındırıb, avtomobillərin hərəkəti çətinləşib. Eyni zamanda bəzi ərazilərə elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda Daşkəsənin ucqar kəndlərinə güclü yağış yağır.

Məsələ ilə bağlı SİA-ya eksklüziv açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bunları deyib: "Daşkəsən rayonunda çox güclü, 30-35 saniyə metrlə müşahidə olunan qasırğa baş verib. Qasırğa nəticəsində çoxsaylı yaşayış binalarının dam örtükləri dağılıb. Həmçinin, işıq xətlərinin də hamısı qırılıb. Hadisə bu gün saat 19:30 radələrində baş verib. Bu dəqiqə rayonda çox təhlükəli vəziyyət yaranıb. Çox acınacaqlı vəziyyətdir. İnsanlar qorxu içindədir. Bu səbəbdən aidiyyatı orqanların, xüsusilə Fövqəladə Hallar Nazirliyinin nümayəndələrin gəlib bu məsələyə hüquqi qiymət verməsi yaxşı olardı.

Əvvəl güclü yağış oldu, sonra isə qasırğa baş verdi. Qasırğa bütün çoxsaylı yaşayış binalarının dam örtüklərini yerindən söküb. Elektrik enerjisi də yoxdur. Elektrik xətlərinin hamısı qırılıb. Fövqəladə Hallar Nazirliyinin köməyinə ehtiyacımız var. Təbii ki, biz özümüz də çalışırıq imkan daxilində nə isə edək. Belə hallar çox nadir hallarda olur. Son 5 il ərzində belə qasırğalı külək hələ olmayıb”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə