Görkəmli geomorfoloq alim, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Hüseyn Ağamalı oğlu Xəlilov mayın 23-də ömrünün 79-cu ilində vəfat edib. SİA xəbər verir ki, H.Xəlilov 1942-ci il oktyabrın 27-də Füzuli rayonunun Hünküklü kəndində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geoloji coğrafiya fakültəsini “Mühəndis-geoloq” ixtisası üzrə bitirib, təyinatla Qazaxıstana göndərilib. Şimali Qazaxıstan geofiziki ekspedisiyasında baş texnik-geoloq vəzifəsində işləyib və oradan da hərbi xidmətə çağırılıb.
1968-1969-cu illərdə Azərbaycanda Kiçik Qafqaz geoloji-kəşfiyyat ekspedisiyasında geoloq vəzifəsində çalışıb. 1969-cu ildən başlayaraq Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Geomorfologiya şöbəsində kiçik elmi işçi, elmi işçi vəzifələrində, 1991-1994-cü illərdə Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası bölməsində işləyib, 1994-cü ildən Geomorfologiya şöbəsində tətbiqi geomorfologiya qrupuna rəhbərlik edib. 1997-2004-cü illərdə “Azərbaycan Ensiklopediyası” NPB-də əvəzçiliklə “Coğrafiya qrupunun” rəhbəri, 2004-2009-cu illərdə isə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində “Coğrafiya, geologiya, geofizika, ətraf mühit və ekologiya” redaksiyasının müdiri vəzifəsində çalışıb. 2015-ci ildən ömrünün sonunadək Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri olub.
H.Xəlilov 1980-ci ildə “Kiçik Qafqazın şimal-qərb hissəsinin morfostruktur təhlili” mövzusunda fəlsəfə, 2004-cü ildə isə “Kiçik Qafqazın şərq hissəsi timsalında morfostruktur və paleogeomorfoloji təhlil və relyefin öyrənilməsinin axtarış əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Onun əsas elmi tədqiqat istiqaməti Azərbaycanda geomorfologiya elminin nəzəri və tətbiqi məsələlərinin həlli ilə yanaşı, litosferin quruluşu və inkişafı qanunauyğunluqlarının, plitələrin qlobal tektonikasına aid problemlərin öyrənilməsinə də yönəldilib. O, bu elmi istiqamətin metodoloji əsaslarını işləyib, morfostruktur və paleogeomorfoloji şəraitin elmi təhlilini verib. Azərbaycanda ilk dəfə olaraq hidroqrafik şəbəkənin qırılma tektonikası ilə əlaqəsini və onun faydalı qazıntı yataqlarının axtarışındakı rolu məsələsini tədqiq edib. Bu tədqiqatın bəzi nəticələri onun həmmüəllifi olduğu “Azərbaycanın neotektonik və geomorfoloji” xəritələrində, “Azərbaycan Respublikasının Milli Atlası”nda və çapa hazırlanmış “Azərbaycanın təbii ehtiyatları” kitabında əksini tapıb.
O, “Qafqazın regional geomorfologiyası”, “Azərbaycanın relyefi”, “Azərbaycan Respublikasının konstruktiv coğrafiyası” üçcildliyi, “Azərbaycanın paleogeomorfologiyası” monoqrafiyalarının, “İzahlı geomorfoloji lüğət” və “Azərbaycanın təbii ehtiyatları” atlasının, Dövlət mükafatına layiq görülmüş “Azərbaycan Respublikasının coğrafiyası” monoqrafiyasının I və III cildlərinin, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” monoqrafiyalarının icraçı müəlliflərindən biri, “Kiçik Qafqazın morfostrukturları” monoqrafiyasının və 200-dək elmi məqalə və tezislərin müəllifidir.
H.Xəlilov çoxsaylı elmi və müxtəlif kütləvi informasiya vasitələrində təbiətlə bağlı silsilə elmi-kütləvi məqalələrin müəllifi olaraq, “Azərbaycan Sovet Ensiklopediyası”nda silsilə məqalələr yazıb. “Ensiklopedik coğrafiya lüğəti” onun bilavasitə rəhbərliyi və iştirakı ilə nəşrə hazırlanıb.
H.Xəlilov “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində “Coğrafiya, geologiya, geofizika və ətraf mühit” redaksiyasının müdiri işlədiyi müddətdə (2004-2009) “Azərbaycan Milli Ensiklopediya”sının I, II ümumi cildləri və “Azərbaycan” xüsusi cildini nəşr etdirib. “Uşaqlar üçün Ensiklopediya. Geologiya” kitabındakı təbiət abidələri haqqında məqalələri Azərbaycan dilinə tərcümə edib və bir sıra məqalələrə müəlliflik edib. O, həmçinin “Naxçıvan Muxtar Respublikasının geoloji ensiklopediyası” və “Qarabağ” kitablarının icraçılarından biri olub, üç cilddən ibarət fundamental “Türk dünyasının coğrafiyası və etnosu” kitablarının ərsəyə gəlməsində əvəzsiz xidmətlər göstərib, onların hazırlanmasında əsas icraçılarından biri olub.
H.Xəlilov müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Lənkəran Dövlət Universitetində və 1981-ci ildən Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Fiziki coğrafiya kafedrasında xüsusi fənlər üzrə magistraturada dərs keçib. Coğrafiya İnstitutunun Elmi şurası və Dissertasiya şurasının üzvü və həmin şuranın ixtisaslaşdırılmış Elmi seminarının rəhbəri, son illərdə həm də Ali Attestasiya Komissiyasının “Yer elmləri” bölməsinin eksperti olub. “Kemerovo Dövlət Universitetinin Xəbərləri” və Azərbaycan Coğrafiya Cəmiyyətinin “Coğrafiya və təbii resurslar” jurnalının redaksiya heyətinin üzvü idi.
Alim respublikada yüksək ixtisaslı kadr hazırlığına da töhfə verib. Onun rəhbərliyi altında 2 nəfər fəlsəfə dissertasiyasını müdafiə edib, 6 nəfər doktorant dissertasiya işini başa çatdırıb.
Hüseyn Xəlilovun əziz xatirəsi institut əməkdaşlarının və onu sevənlərin xatirəsində daima yaşayacaq.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB