Ötən gün ərzində törədilmiş 53 cinayətin üstü “isti izlər”lə açılıb

Daxili İşlər Nazirliyi (DİN) martın 5-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 53 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə