Prokurorluq keçmiş arvadını öldürən şəxsi axtarır

Sentyabrın 25-də Gədəbəy rayonu ərazisində Qurudərə kənd sakini Zülfiyyə Məsimovaya çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Gədəbəy rayon prokurorluğundan SİA-ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri Rasim Məsimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Zülfiyyə Məsimovanı qəsdən öldürməyə cəhd edərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən Rasim Məsimovun tutularaq istintaqa cəlb edilməsi, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...