Bakıda kran binanın və maşınların üstünə aşıb 1 nəfər ölüb - YENİLƏNİR - FOTOLAR

Bakıda kran binanın və maşınların üstünə aşıb 1 nəfər ölüb - YENİLƏNİR - FOTOLAR

Bakıda qaldırıcı kran aşıb. SİA xəbər verir ki, hadisə Bakının Nərimanov rayonu ərazisində qeydə alınıb.

Yeni binanın tikintisində istifadə olunan kranın bir hissəsi yaşayış binasının üstünə, digər hissəsi isə yaxınlıqda park edilmiş maşınların üstünə aşıb. Nəticədə yaşayış binasına və 6-7 maşına ziyan dəyib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirib ki, hadisə bir az əvvəl Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə baş verib: "Bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələrini xahiş edirik".

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyevin SİA-ya verdiyi məlumata görə, hazırda polis əməkdaşları hadisə yerindədir və əlavə məlumat veriləcək.

Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata əsasən, Mövsüm Sənani-29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə