Sabunçu rayonunda marketdə gözətçini öldürən şəxslərin videogörüntüləri yayılıb VİDEO

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlərlə” açılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, iyunun 1-də səhər saat 6 radələrində paytaxt sakini Hüseyn Əhmədovun Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində yerləşən işlədiyi mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi, eləcə də mağazanın seyfindən külli miqdarda pul vəsaitinin oğurlanması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanılıb.

DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər - Tərtər rayon sakini Fuad Yusifli və Kürdəmir rayon sakini Sadiq Cəlalov saxlanılıblar. Aparılmış istintaqla məlum olub ki, adları çəkilən şəxslər qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək həmin tarixdə mağazanın anbar qapısından içəri daxil olub orada mühafizəçi işləyən Hüseyn Əhmədova yumruqla zərbələr vurmaqla, habelə əllərini, ayaqların və ağzını yapışqan lentlə bağlamaqda onu öldürüblər. Daha sonra isə mağazanın içərəsindəki dəmir seyfdən 51 min 292 manat məbləğində pulu oradan götürüb talayaraq quldurluq ediblər. Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Fuad Yusifli və Sadiq Cəlalov Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs kimi tutularaq istintaqa cəlb olunublar. Hər iki şəxs müdafiəçinin iştirakı ilə dindirilərkən törətdikləri cinayəti etiraf edib. Onlardan hadisə zamanı mağazadan əldə etdikləri vəsait, həmçinin, mağazanın mühafizə kameraları üçün quraşdırılmış cihazlar maddi sübut kimi götürülüb. Fuad Yusifli və Sadiq Cəlalov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə