Liviyada iki məşhur jurnalist həlak olub

Liviyada iki məşhur jurnalist həlak olub

Liviyanın Misurat şəhərində hökumət qoşunları ilə qiyamçılar arasında amansız döyüşlər davam edir. SİA-nın məlumatına görə aprelin 21-də iki məşhur qərbli jurnalist – britaniyalı jurnalist və kinorejissor Tim Heterinqton və amerikalı fotoqraf Kris Hondros həlak olub.

Çoxsaylı nüfuzlu mükafatların laureatı olan Tim Heterinqton dünyada baş verən bir sıra münaqişələri işıqlandırıb. 2007-ci ildə Əfqanıstandan hazırladığı reportajlara görə "World Press Photo Award" mükafatına layiq görülüb. Onun Əfqanıstan müharibəsi haqqında çəkdiyi "Restrepo" sənədli filmi "Oskar" mükafatı nominantı olub.

Kris Hondros Kosovo, Anqola, Syerra-Leone, Əfqanıstan və İraqda işləyib. Onun çəkdiyi fotoşəkillər Pulitser mükafatına təqdim edilmək üçün seçilib. 2006-cı ildə o, Robert Kap Qızıl Medalına layiq görülüb. Onun Misurat qəbiristanlığında çəkdiyi məzarçı fotoşəkili ötən çərşənbə günü "Vaşinqton Post" qəzetinin birinci səhifəsində dərc edilib.

Bu reportyorların həlak olması Liviya münaqişəsi zamanı zərər çəkmiş jurnalistlərin faciəli siyahısını genişləndirib. Mart ayının ortalarında Benqazi yaxınlığında "Əl-Cəzirə" telekanalının operatoru həlak olmuş, bir sıra jurnalistlər yaralanmış, çoxları həbs edilmiş, daha bir neçə nəfər itkin düşmüşdür.

Bütün xəbərlər Facebook səhifəmizdə