Gömrükdən narkotik keçirən şəxslər saxlanılıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikasının iki vətəndaşı saxlanılıb. SİA-nın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hər iki vətəndaşın əl yükləri rentgen yük yoxlama qurğusundan keçirilən zaman şübhəli cizgilər müşahidə olunub.

Şifahi sorğu sual zamanı vətəndaşlar üzərilərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildiriblər. Yüklərin yoxlanması zamanı isə 14 ədəd üzərində "Pegah Cream dairy" yazısı olan xama qutularının içərisində olan rezin şarlarda, çəkisi 1619 qram təşkil edən narkotik vasitə-heroin, üzərində "Mihan white cheese" yazılan pendir qutularının içərisində 117 qram psixotrop maddə-metamfetamin və 21 qram narkotik vasitə-tiryək aşkarlanıb. Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə