Masallı Rayon Telekommunikasiya Qovşağındakı partlayışda ölənlərin sayı 2 nəfərə çatıb

Masallı Rayon Telekommunikasiya Qovşağındakı partlayışda ölənlərin sayı 2 nəfərə çatıb

Masallı Rayon Telekommunikasiya Qovşağında (TKQ) dağıntıların altında daha bir nəfərin meyiti çıxarılıb. SİA-nın cənub bürosunun məlumatına görə, bu, qovşağın texniki şöbəsinin rəisi, 1987-ci il təvəllüdlü Asim Əliyev olub. Bununla da ərazidə xilasetmə işləri başa çatıb.

Masallı Rayon Telekommunikasiya Qovşağında baş verən partlayış nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb. Ərazidə xilasetmə işləri başa çatıb.

Qeyd edək ki, dünən saat 14.40 radələrində Masallı TKQ binasında partlayış olub. Partlayışın təsirindən dördmərtəbəli binanın bir hissəsinin divarları tamamilə dağılıb. Masallı Rayon TKQ-nın binasında baş vermiş partlayışla əlaqədar rayonun rabitə sistemi tamamilə sıradan çıxıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Dərhal xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti orta ağır qiymətləndirilir. Hadisə yerində olan Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov tezliklə Masallıda rabitənin bərpa ediləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə