Xətai rayonunda əl qumbarası tapılıb

Xətai rayonunda əl qumbarası tapılıb

Fevralın 22-də saat 11:08-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhərinin Xətai rayonunun Neapol küçəsi 22 ünvanında partlayıcı vasitənin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan verilən məlumatda deyilir ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Bakı Şəhər Baş Polis İdarəsinin Xətai Rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri, rayon polis idarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları qeyd olunmuş əraziyə baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssislərinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası (partladıcısı üzərində olmayan) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Qumbaranın ətrafında agentliyin mütəxəssisləri tərəfindən 500 kvadratmetr ərazi yerüstü, 20 kvadratmetr ərazi isə yeraltı yoxlanılıb, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə