Sentyabrın 6-da avtomobil qəzasında müxtəlif xəsarətlər aldıqlarına görə Rustavi Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmiş yaralıların 7-si evə buraxılıb. Xəstəxanada qalan 5 nəfərdən 3-ü həkimlərimiz tərəfindən sentyabrın 6-da əməliyyat olunub, 1-i isə bu gün əməliyyat ediləcək. Əməliyyat olunanlardan biri Azərbaycan vətəndaşıdır. Onların hamısının vəziyyəti normaldır. Başından yaralanmış daha bir xəstə isə bu gün evə buraxılacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində xəstəxananın baş həkimi Patuna Baxtadze söyləyib.
P.Baxtadzenin sözlərinə görə, sentyabrın 6-da ümumilikdə avtomobil qəzasında biri sürücü olmaqla 12 nəfər xəsarət alıb. Yaralananların biri Azərbaycan vətəndaşı, qalanı isə Gürcüstanda yaşayan azərbaycanlılardır. Onların heç birinin həyatı üçün təhlükə yoxdur. Sürücü və daha 6 qadın ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicə məqsədilə evə buraxılıb.
Qeyd edək ki, avtomobil qəzası Gürcüstanın Qırımızı Körpü-Tbilisi avtomagistralının Rustavi şəhəri yaxınlığında baş verib. Şəxsi istifadədə olan marşrut taksisi ilə “lada” markalı minik avtomobili toqquşub. Azərbaycanın Gürcüstandakı səfirliyi hadisəni diqqətdə saxlayır. Səfirliyin əməkdaşları xəstəxana rəhbərliyi və yaralıların yaxınları ilə əlaqə saxlayıblar. Səfirlikdən onu da bildiriblər ki, ehtiyac yarandığı halda onlara yardım göstəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB