Sumqayıtda əl qumbarası tapılıb

Sumqayıtda əl qumbarası tapılıb

Aprelin 9-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-nın məlumatında deyilir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Qurumun mütəxəssisləri ərazidə Kərim Kərimov küçəsinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində F-1 əl qumbarası aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Qumbaranın tapıldığı yerin ətrafında 1500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

Yanvarın 1–dən aprelin 9-dək ANAMA tərəfindən 2442 partlamamış hərbi sursat, tank əleyhinə üç mina və 73 kiloqram partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 58 min 515 kvadratmetr ərazi yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə