Baş Prokurorluq Bakının Xəzər rayonunda törədilən qətllə bağlı məlumat yayıb

Baş Prokurorluq Bakının Xəzər rayonunda törədilən qətllə bağlı məlumat yayıb

Baş Prokurorluq Bakının Xəzər rayonunda törədilən qətllə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 15 sentyabr 2010-cu il tarixdə saat 03:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yaşayan, 1991-ci il təvəllüdlü Əliyev Qərib Qəhrəman oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsəbə sakini, 1987-ci il təvəllüdlü Daşdəmirov Müşfiq Nüsrət oğlunu bıçaqla vuraraq qəsdən öldürüb. Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olan məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülüb. Meyit daxili müayinə olunması üçün Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya" Birliyinin Xəzər rayon şöbəsinə göndərilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib. Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, qeyd edilən tarixdə saat 03:00 radələrində Qərib Əliyev yaşadığı evin yaxınlığında küçədə əvvəllər tanıdığı qəsəbə sakini Müşfiq Daşdəmirovla təsadüfən rastlaşıb və söhbət edərkən aralarında mübahisə yaranıb. Bu zaman sonuncu tərəfindən ünvanına nalayiq ifadələr səsləndirdiyinə görə Qərib Əliyev qaçaraq yaşadığı evdən gətirdiyi bıçaqla onun döş nahiyəsinə bir zərbə vurmaqla qəsdən həyatdan məhrum edib.

Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Qərib Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təqdim edilib.

Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə