Sentyabrın 7-də saat 19.00 radələrində Lənkəran şəhərində polislə yerli sakinlər arasında qarşıdurma yaşanıb. Lənkəran şəhər Polis Şöbəsindən SİA-nın cənub bürosuna verilən məlumata görə, sentyabrın 2-də Lənkəran şəhər sakini, 1975-ci il təvəllüdlü İsayev Qismət Zabitxan oğlu başqa şəxsə qarşı xuliqanlıq etdiyinə görə polis tərəfindən saxlanılıb və rayon məhkəməsinin qərarı ilə 5 sutka həbs edilib.
Həmin şəxs sentyabrın 7-də buraxılmalı imiş. Lakin Lənkəran şəhərinin Cümə məscidinin axundu Ramin Hüseynağa oğlu Fətullayev və onun müavini Kazımov Bağır Təyyar oğlu ərizə ilə Lənkəran şəhər Polis Şöbəsinə müraciət edərək məsciddə dini ayinləri icra edərkən Qismət İsayevin onları təhqir etdiyini və mikrofonu onlardan alaraq dini ayinə mane olduğunu bildiriblər. Məhz bu ərizəyə görə də Qismət İsayev azadlığa buraxılmadığından onun tərəfdaşları Polis Şöbəsi qarşısında və ətrafında icazəsiz aksiya keçiriblər. Polisin tələblərinə məhəl qoymayan 15 nəfər saxlanılıb və şöbəyə gətirilib.
Şöbədən bildiriblər ki, onların bir qismi ictimai asayişi pozduğuna görə cərimə edilərək buraxılıb. Digərlərinin işini isə rayon məhkəməsi qanun daxilində araşdıracaq. Qismət İsayevə gəlincə isə, barəsində Lənkəran şəhər Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.2.2 maddəsi ilə cinayət işi açılıb, istintaqa başlanılıb.
Polis bugünkü qarşıdurmada heç bir zorakılığın baş vermədiyini, silah işlədilmədiyini və bu səbəbdən də heç kəsin xəsarət almadığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB