Piyadanı vuran sürücü tapıldı

Piyadanı vuran sürücü tapıldı

Mayın 3-də naməlum avtomobilin sürücüsü Sabunçu rayonu ərazisində hərəkətdə olarkən piyada Məmmədova Xəyalə Ənvər qızını vuraraq hadisə yerindən qaçıb. 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilən ağır bədən xəsarətləri almış X.Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.

Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər prokurorluğunun SİA-ya daxil olmuş birgə məlumatında bildirilir ki, fakta görə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Porsche" markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili idarə edən azyaşlı Adil Məmmədov (ad və soyad şərtidir) tərəfindən törədildiyi müəyyənləşdirilib.

Cinayət işi həmin Məcəllənin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib.

Cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış A.Məmmədovun qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs - Nadir Məmmədov (ad və soyad şərtidir) tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə - azyaşlı oğluna verdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tətbiq edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə