Terrorda ölən Nuranə Həsənova Rusiya vətəndaşıdır

Onun meyiti İstanbuldan Azərbaycana gətiriləcək
Terrorda ölən Nuranə Həsənova Rusiya vətəndaşıdır

İstanbulda gecə klubuna hücum nəticəsində ölən Nuranə Həsənova Rusiya vətəndaşı olduğu müəyyənləşib. Bu barədə Rusiyanın Türkiyədəki səfirliyinin "Twitter" səhifəsində yer alan məlumatda deyilir: "İstanbuldakı dəhşətli terror aktı nəticəsində Rusiya vətəndaşı Nuranə Həsənova ölüb. Onun yaxınlarına başsağlığı veririk".

Bu arada məlum olub ki, İstanbulun "Reina" gecə klubunda terror aktında öldürülmüş azərbaycanlı qızın qohumları Türkiyədəki Rusiya səfirliyinə müraciət ediblər. Yaxınlarının arzusuna müvafiq olaraq, qızın meyiti Azərbaycana gətiriləcək.

Daha əvvəl bildirildiyi kimi, yerli hüquq-mühafizə orqanları həlak olmuş Nurina Həsənovanın anadan olduğu yerə görə Azərbaycan vətəndaşı olduğunu güman ediblər. Sonradan məlum olub ki, qızın Rusiya pasportu da varmış.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən "Reina" gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.

Bütün xəbərlər Facebook səhifəmizdə