Altı ay ərzində 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Altı ay ərzində 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsiri olub.

Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, bildirilib ki, cari ilin altı ayı ərzində respublika ərazisində 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 304 nəfər həyatını itirib, 970 nəfər xəsarət alıb.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 140 fakt (13,4 faiz), həlak olanların sayı 103 nəfər (25,3 faiz), yaralananların sayı 147 nəfər (13,2 faiz) azalıb.

Paytaxt Bakıda isə bu ilin altı ayı ərzində 323 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 73 nəfər həyatını itirib, 342 nəfər xəsarət alıb.

Ötən illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı müvafiq olaraq 69 fakt (17,6 faiz), 45 nəfər (38,1 faiz) və 72 nəfər (17,4 faiz) azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə