Şəki sakini narkotiklə tutuldu

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şəki sakini 34 yaşlı Ramin Xəlilov Bakı-Qazax magistralının Düyərli kəndi ərazisində şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, şöbədə Xəlilovun əlindəki sellofan torbaya baxış zamanı ümumi çəkisi 6 kq 20 qram olan qurudulmuş marixuana aşkarlanıb.

Ramin Xəlilov uzun müddətdir narkotik vasitəsi aludəçisi olduğunu və həmin marixuananı da şəxsi istifadəsi üçün yol kənarından yığıb qurutduğunu deyib. Saxlanılan şəxs həmçinin onu da əlavə edib ki, narkotik vasitəni doğulub boya başa çatdığı Şəkiyə satış deyil, şəxsi ehtiyacını ödəmək üçün apardığını deyib. Ramin Xəlilovun ifadəsində nə qədər səmimilik olsa da o, məsuliyyətdən yaxa qurtara bilməyəcək.

Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsi ilə cinayət işi başlanılıb. İstintaq aparılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə