Lerikdə canavar fermaya hücum etdi

Lerikdə canavar fermaya hücum etdi

Lerik rayonunun "40-cı kilometr" adlanan yaşayış məntəqəsində qoyun tövləsinə canavar hucumu sahibkara baha-başa gəlib. Qəfil hücumdan hürkən qoyunlar qapını sındırıb və çölə səpələnib.

Canavarlar qoyunları çöldə yaxalayaraq parçalayıb. Çobanın iddiasına görə, canavarlar səhər saat 5-ə işləmiş tövlənin pəncərəsini dağıdaraq içəri keçib.

"Canavar qoyunlardan onunu burada öldürüb. 4-ü buradadır, 5-6-sını başqa yerdə öldürüb. Daha onunu da yaralayıb. Qoyunların vəziyyəti pisdir, inanmıram sağalsınlar. 4-5 qoyunu isə tapa bilmirik", - deyə sahibkar Nizami Məlikov bildirib.

Sahibkarın sözlərinə görə, canavar hucumundan 3 min manat ziyan çəkib. Baytar həkimləri isə hadisənin çobanın nəzarətsizliyi ucbatından baş verdiyini deyir. Artıq ərazidə baytarlıq mütəxəssisləri zəruri tədbirlərə başlayıb.

"Ölən heyvanları dezinfeksiya edib, yandırıb, basdıracağıq. Yaralı qoyunlar peyvənd olunacaq. Yaralı heyvanlardan qəti istifadə etmək olmaz. Onların qətiyyən ətindən istifadə etmək olmaz", - deyə rayon baytarlıq idarəsinin baytar həkimi Şakir Sadıqov bildirib.

Meşəlik əraziyə buraxdıqları mal qaraya canavarların hucumlarının artdığını deyən kənd sakinləri çıxış yolunu bu vəhşi heyvanların sayının azaldılmasında görür.

Analoji hadisə ötən il Mingəçevirdə baş verib. Məcburi köçkünlərin məskunlaşdığı qoyun fermasına canavar hücum edib. Yırtıcının yaxınlaşdığını görən, Kəlbəcər rayon sakini Elçin Məmişov qoyunları qorumağa çalışıb.

Bu zaman canavar onun üzərinə atılıb. Yırtıcı yerə yıxılan gənci üz və baş nahiyəsindən yaralayıb. Daha sonra canavar yaxınlıqdakı sakinlərə hücum edib. İnsanları bu dəfə yırtıcının hücumundan şəhər sakinlərindən birinin iti xilas edib.

Yaralı Elçin Məmişov təcili tibbi yardım maşını ilə Mingəçevir şəhər xəstəxanasına çatdırılıb. Baş nahiyəsinə tikiş qoyulub, lazimi tibbi yardım göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə