Ötən il paytaxtda Daxili İşlər Nazirliyi və prokurorluq üzrə 11.753 cinayət qeydə alınıb ki, onların da 81,5 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 18,5 faizi isə ağır və xüsusilə ağır növlər olub. 2014-cü illə müqayisədə ötən il qəsdən adam öldürmələr 16,5 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 19 faiz azalıb.
Bu barədə yanvarın 22-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2015-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov məlumat verib. O deyib ki, hesabat dövründə Bakı şəhəri, eləcə də onun ayrı-ayrı rayonları üzrə əməliyyat şəraiti kompleks təhlil edilib, cinayətkarlığın dinamikasında əsas təmayüllərin, neqativ proseslərin və dəyişikliklərin öyrənilməsi əsasında qarşılıqlı əlaqələrin təkmilləşməsinə, əməliyyat-xidməti fəaliyyətin səmərəsinin artırılmasına dair təkliflər hazırlanaraq icraya yönəldilib.
Cinayətlərin 75,2 faizinin, ağır növlərinin 76,7 faizinin, qeyri-aşkar şəraitdə baş verənlərin 62,7 faizinin açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1.817 cinayətdən 94 faizi, o cümlədən qəsdən adam öldürmələrin 98,7 faizi, adam öldürməyə cəhdlərin 96,7 faizi açılıb.
Müqayisə edilən dövrə nisbətdə ümumi cinayətlərin açılması 3,5 faiz, onların ağır və xüsusilə ağır növlərinin açılması 1,8 faiz, şəxsiyyət əleyhinə olanların açılması 2,1 faiz, o cümlədən qəsdən adam öldürmələrin açılması 7,4 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 6,6 faiz, avtonəqliyyatın qaçırılması faktlarının açılması 7 faiz, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması 2,5 faiz yaxşılaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB