Azərbaycanda yanan bazar söndürülüb

Azərbaycanda yanan bazar söndürülüb

Güclü yanğın hadisəsi bu gün səhər saat 5:30 radələrində şəhərin mərkəzi bazarında qeydə alınıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, satış dükanlarından birindən başlayan yanğın qısa zamanda geniş ərazini əhatə edib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının əhatə dairəsi genişləndiyindən əraziyə əlavə olaraq Lənkəran və Göytəpə şəhərlərindən yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub. Birgə səylər nəticəsində yanğının qarşısını almaq mümkün olub.

Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 5000 kv.m olan bazarın ərazisində 450 kv.m sahədə 16 ədəd mağaza və içərisində olan mallar yanıb. Sahibkarlara xeyli maddi ziyan dəyib. Bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının dəqiq başvermə səbəbləri aparılan ekspertizanın rəyindən sonra bəlli olacaq.

Yanğın saat 08:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə