Hacıqabulda əməliyyat keçirildi: 5 nəfər saxlanıldı

Saxlanılan şəxslərdən külli miqdarda narkotik vasitə aşkar edilib
Hacıqabulda əməliyyat keçirildi:  5 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, vətəndaşlardan daxil olan müraciətlər və əməliyyat məlumatları əsasında Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Hacıqabul rayon polis şöbəsi əməkdaşları əməliyyat keçiriblər.

Noyabrın 21-də həyata keçirilən tədbirlərlə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının külli miqdarda qanunsuz dövriyyəsilə məşğul olan 5 Hacıqabul sakini saxlanılıb. Onların 4-ü əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələrilə məhkum olunub.

Həmin şəxslərin üzərlərinə və yaşadıqları evlərə baxış zamanı ümumilikdə 1,7 kiloqrama yaxın ağır növ narkotik vasitələr və psixotrop maddələr aşkarlanaraq götürülüb.

Göstərilən faktlarla bağlı cinayət işi başlanılıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə