İyulun 23-də saat 23 radələrində Xaçmaz şəhər sakinləri - 1975-ci il təvəllüdlü Eyvaz Cəbrayılovun, 1992-ci il təvəllüdlü Emil İsayevin və 1991-ci il təvəllüdlü Elşən Əhmədovun bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına daxil olmaları və sonuncunun aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Müəyyən edilib ki, qeyd edilən tarixdə Xaçmaz şəhərində İsmayıl Cəbrayılov, qardaşı Coşqun, əmiləri Eyvaz Cəbrayılov və şəxsiyyətləri istintaqa hələlik məlum olmayan digər iki şəxslə qonşuluqda yaşayan tanışları E.İsayev və E.Əhmədov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman İ.Cəbrayılov üstündə gəzdirdiyi bıçaqla əmisi E.Cəbrayılova və E.Əhmədova xəsarətlər yetirərək hadisə yerindən qaçıb.
Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən İ.Cəbrayılov iyulun 25-də tutularaq istintaqa cəlb olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, hazırda cinayətin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması, o cümlədən E.İsayevə xəsarət yetirmiş şəxsin müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB