Lənkəranda iki fərdi yaşayış evində yanğın baş verib

Lənkəranda iki fərdi yaşayış evində yanğın baş verib

Lənkəran rayonunda iki fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzindən bildiriblər ki, birinci hadisə iyulun 14-də, axşam saatlarında Lənkəran şəhər sakini Həsən Əliyevə məxsus birmərtəbəli, 3 otaqlı fərdi yaşayış evində baş verib.

Yanğın nəticəsində ümumi sahəsi 200 kvadratmetr olan evin bir otağı və dam örtüyü yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğının qarşısı alınıb, alovun yaxınlıqdakı ikimərtəbəli yaşayış evinə keçməsinə imkan verilməyib.

Digər yanğın hadisəsi isə iyulun 15-də səhər saatlarında rayonun Narbağı kənd sakini Nizami Şükürova məxsus fərdi evdə qeydə alınıb.

Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 130 kvadratmetr olan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət ev içindəki məişət əşyaları ilə birlikdə tamamilə yanıb.

Yanğının qarşısını almaq məqsədilə hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlər yanğının qonşu tikililərə keçməsinin qarşısını ala biliblər.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə