Nazir müavini: “Cari ilin ilk yarısında 12.231 cinayət qeydə alınıb”

Nazir müavini: “Cari ilin ilk yarısında 12.231 cinayət qeydə alınıb”

"2014-cu ilin birinci yarısında Respublikada əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 12.231 cinayət qeydə alınıb. Onların 92 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub". SİA-nın xəbərinə görə, bu barədə daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov Qurumun kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edərkən məlumat verib.

Onun sözlərinə görə, bu cinayətlərin 87,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 12,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib: "həyata keçirilən sistemli və məqsədyönlü profilaktik tədbirlər nəticəsində respublikanın 24 şəhər və rayonu üzrə ağır və xüsusilə ağır cinayətlərin sayında azalma müşahidə olunub. Bütövlükdə isə, bu növ cinayətlərin strukturunda şəxsiyyət əleyhinə olanlar 5,4 faiz, o cümlədən qəsdən adam öldürmələr 13,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 5,7 faiz azalıb".

Nazir müavini qeyd edib ki, eyni zamanda, ictimai yerlərdə baş verən cinayətlər 13 faiz, mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlər 62 faiz, qrup halında cinayətlər 8 faiz, yetkinlik yaşına çatmayanların cinayətləri 2,5 faiz azalıb: "Cinayətlərin açılması da yüksək olmaqla 80,1 faiz təşkil edib və bu mühüm sahədə əsas səylər zərərçəkmiş şəxslərin pozulan hüquqlarının və ədalətin bərpasına yönəlmişdir. Nəticədə qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması 71 faizə yüksəlib. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində "isti izlərlə" 594, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalan 241, o cümlədən 54 ağır və xüsusilə ağır cinayət açılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə