Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, bu günlərdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxslər saxlanılmışdır.
Naxçıvan-Bakı aviareysinin sərnişini Azərbaycan vətəndaşı Şahin Talıbov Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrük əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılmış və onun üzərində 160,490 qram heroin aşkarlanmışdır. İbtidai istintaq zamanı məlum olmuşdur ki, Ş.Talıbov narkotik vasitəni İran İslam Respublikasının Təbriz şəhərində istintaqla müəyyən edilməmiş mənbədən əldə etmiş, Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmişdir. O, şübhəli şəxs qismində saxlanılmış və barəsində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə cinayət işi açılmışdır.
Məlumatda, həmçinin bildirilir ki, Azərbaycan vətəndaşı Camal Əliyev Bakı-Moskva təyyarəsinə minmək istəyərkən saxlanılmışdır. Belə ki, həmin şəxsin əl yükü Heydər Əliyev Beynəlxalq Aeroportunda X-Ray rentgen aparatından keçirilərkən monitorda dərman preparatlarının təsvirləri görmüşdür. Ona məxsus çantaya keçirilmiş gömrük baxışı zamanı üzərində "Methadone 5mg" sözləri yazılmış 60 ədəd ampula aşkarlanmışdır. Preparatlar bioloji və fiziki-kimyəvi ekspertiza üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Ekspert arayışına əsasən, tədqiqata təqdim edilmiş ampulaların metadon adlı dərman preparatı olduğu təsdiqlənmişdir. Bu preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr" siyahısına daxildir.
Hazırda hər iki cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB