Ötən gün axşam Gəncədə baş verən təbii fəlakət nəticəsində şəhərin infrastrukturuna ciddi ziyan dəyib. SİA-nın xəbərinə görə, saat 22:05 radələrində güclü küləklə müşahidə olunan leysan yağış, təxminən 20 dəqiqə davam edib. Nəticədə Gəncənin elektrik, qaz, su, kanalizasiya və rabitə təsərrüfatının böyük hissəsinə ciddi ziyan dəyib. Güclü yağış nəticəsində təxminən 1000-dən artıq fərdi yaşayış evlərinin həyətlərinə, eləcə də zirzəmisinə sel suları dolub. Külək nəticəsində 200-dən artıq irigövdəli ağac aşaraq küçə və prospektlərdə avtomobillərin hərəkətini məhdudlaşdırıb. 50-yə qədər avtomobil ağacların aşması nəticəsində ziyan görüb. Gəncə şəhər İcra Hakimiyyətində baş verən təbii fəlakətin aradan qaldırılması üçün fövqəladə komissiya yaradılıb. İlkin araşdırma zamanı şəhərin 27 qaz təsərrüfatının, 30-dan artıq yarımstansiyanın sıradan çıxdığı, eləcə də 100-ə yaxın yaşayış evlərinin dam örtüklərinin dağıldığı məlum olub.
Xatırladaq ki, gecə saat 01:30 radələrində Gəncənin bir hissəsin elektrik verilişi təmin olunsa da, qaz təsərrüfatında yaranan ciddi problemlərin aradan qaldırılması işləri aparılır. Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin texnika və canlı qüvvəsi də gecə saatlarında küləyin və yağışın törətdiyi fəsadların aradan qaldırılmasını həyata keçirib.
Qeyd edək ki, Gəncədə baş verən təbii fəlakətin aradan qaldırılması, eləcə də dəymiş ziyanın hesablanması üçün paytaxtdan xüsusi yaradılmış komissiya ezam olunacaq.





İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB