Mazut çalasında ölən azyaşlıya görə cinayət işi başlanıb

Mazut çalasında ölən azyaşlıya görə cinayət işi başlanıb

İyunun 3-də Astara şəhər sakini, 2011-ci il təvəllüdlü Babazadə Ədalət Hikayət oğlu rayon mərkəzi xəstəxanasının həyətində mazut çalasına düşərək vəfat edib. Bu barədə daxil olan məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçiriblər.

Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ilkin araşdırmalarla müəyyən edilib ki, hadisə baş verən sahə əvvəllər xəstəxananın isitmə qurğuları üçün torpağın altında tikilən mazutun saxlandığı yer olub. 2012-ci ilin mart ayında "Real" mənzil-tikinti kooperativi tərəfindən xəstəxanada əsaslı təmir işləri aparılarkən həmin ərazinin üst hissəsinə torpaq tökülərək yaşıllıq zolağı salınıb. Qeyd edilən tarixdə Ə. Babazadə anası ilə xəstəxanaya gəlib və orada oynayarkən yaşıl ot örtüyü çökdüyündən o, içərisində mazut olan yerə düşüb boğularaq ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib və digər istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə