Gəncədə yeniyetmələrdən ibarət dəstə saxlanıldı

Hazırda dəstənin digər bir üzvünün axtarışları davam edir
Gəncədə yeniyetmələrdən ibarət dəstə saxlanıldı

Gəncədəki mağazalardan oğurluq etməkdə şübhəli bilinən yeniyetmələrdən ibarət dəstə saxlanılıb. Məlumata görə, onlardan biri yeniyetmə qızdır. Hazırda dəstənin digər bir üzvünün axtarışları isə davam edir. Biri qadın olmaqla 4 nəfərdən ibarət dəstə üzvləri son iki ay ərzində 9 mağazanı qarət ediblər. Gəncə sakinləri Fuad Rəhimov və Qurban Sadıqov ilk oğurluq hadisəsini Ruslan Həsənova məxsus mağazada törədiblər. Onlar həmin mağazadan 670 AZN dəyərində xırdavat malları oğurlayıblar.

Gəncə Şəhər Baş Polis İdarəsinə istinadən Gəncə şəhər sakinləri Alim Ələsgərov və Salatın Hüseynova da onlara qoşulub.

Müstəntiq Hüseyn Nuriyevin sözlərinə görə, Fuad Rəhimov və Qurban Sadıqov barəsində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən həbs qətiimkan tədbiri seçilib: "Salatın Hüseynovanın isə polisin nəzarətində saxlanılması barədə məhkəmə qərar çıxarıb".

Bir neçə oğurluqlar törətməkdə şübhəli bilinən Fuad Rəhimov və Qurban Sadıqov əvvəllər də oğurluq əməlinə görə, məhkumluq həyatı yaşayıblar və iki ay əvvəl azadlığa çıxıblar. Saxlanılan şəxslər əməllərindən peşman olmadıqlarını da dilə gətiriblər.

Saxlanılan Fuad Rəhimov deyir ki, kirayədə yaşayıram, pulum-param yoxdur, gördüm dolana bilmirəm, oğurlu etməyə başladım.

Saxlanılan Qurban Sadıqov isə qeyd edir ki, cinayətkar adamam: "Yaşayışım budur. Durub desəm ki, tutduğum əməllərimdən peşmanam, bu, nəyi dəyişəcək".

Polis dəstənin digər üzvü Alim Ələsgərovun axtarışlarını davam etdirir. Faktlar üzrə cinayət işi açılıb, araşdırmalar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə