"Royalbank" Açıq Səhmdar Cəmiyyətinin Paytaxt filialının vəzifəli şəxsləri tərəfindən yol verilən qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aparılan istintaqla cəmiyyətin Paytaxt filialının müdiri Anar Həşimov, filialın baş mühasibi Xatirə Ağayeva və xəzinədarı İlqar İsmayılovla qabaqcadan razılaşaraq etibar edilən əmlakı talama məqsədilə faktiki rəhbərlik etdiyi "Poliqrafist" MMC-nin adına müxtəlif vaxtlarda 71 min manat, 124 min 440 ABŞ dolları və 180 min avro məbləğində kredit sənədləşdirərək həmin pulları, həmçinin müxtəlif təşkilatlara avadanlıqların alınması məqsədilə "Poliqrafist" MMC-nin hesabına köçürülən 1 milyon 668 min 682 manatı, "Royal Construction Technologies and Development" MMC-nin adına sənədləşdirilən 100 min manat məbləğində krediti, habelə filialın xəzinəsindən 64 min 939 manat vəsaiti, ümumilikdə isə 2 milyon 228 min 612 manat məbləğində külli miqdarda əmlakı ələ keçirməklə "RoyalBank" ASC-nin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.
A.Həşimov və İ. İsmayılov barəsində həbs qətimkan tədbiri, X. Ağayeva barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib. İstintaq zamanı vurulan ziyandan 1 milyon 771 min 331 manatının ödətdirilməsi təmin edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB