Xəbər verildiyi kimi, yanvarın 25-də Nərimanov rayonu ərazisində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində iki nəfərin ölməsi faktına görə Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aparılan istintaqla söküntü işlərini həyata keçirən "Araz-2011A" MMC-nin direktoru Araz Həsənov və cəmiyyətlə bağlanan müqavilə əsasında həmin işləri icra edən ekskovatorçu Qamət Məmmədovun "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatan obyektlərin istismara qəbul qaydaları" və "Tikintidə təhlükəsizlik texnikası" norma və qaydalarının tələblərini kobud şəkildə pozmalarında əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla zəruri ekspertizalar təyin edilərək müvafiq rəylər alınıb və digər prosessual hərəkətlər yerinə yetirilib. İstintaqla həmçinin müəyyən edilib ki, sökülmə işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması iki şəxsin ölümünə səbəb olmaqla yanaşı, həmin ərazidə hərəkətdə olan ayrı-ayrı şəxslərə məxsus avtomobillər də zədələnərək ümumilikdə 19.187 manat dəyərində ziyan dəyib.
Cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB