Lənkəran və Qubada törədilən ağır cinayətlərlə bağlı rəsmi açıqlama

Lənkəran və Qubada törədilən ağır cinayətlərlə bağlı rəsmi açıqlama

Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən son günlər Lənkəran və Quba şəhərlərində törədilən ağır cinayətlərin üstü açılıb. SİA-nın xəbərinə görə, martın 21-də Lənkəran şəhər sakini Surayə Tağıyeva evindən güllə yarası ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı xəbərə əsasən, həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Samid Hüseynov tutulub. Ondan "AKM" markalı silah və 7 patron, habelə cinayəti törədərkən maska kimi istifadə etdiyi papaq və əlcək götürülüb.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Samid Hüseynov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, martın 28-də Azərbaycan Müəllimlər İnstitutunun Quba rayon filialında oranın tələbəsi Vüqar Babayev münaqişə zəminində tələbə yoldaşı Xalid Osmanlıya döş qəfəsindən bıçaqla çoxsaylı xəsarətlər yetirib. X.Osmanlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq zəruri ekspertizalar təyin edilib. Cinayəti törətməkdə şübhəli bilinən Vüqar Babayev polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.

Hazırda hər iki fakt üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə