Qəzalar nəticəsində 7 nəfər xəsarət aldı

Qəzalar nəticəsində 7 nəfər xəsarət aldı

Gəncədə Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yol qəzası baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə zamanı "Opel" markalı avtomobillə "VAZ" markalı avtomobil toqquşub. Nəticədə "Opel"də olan sərnişin Gəncə şəhər sakini 66 yaşlı Nəzirə İsmayılova bədən xəsarətləri alıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Göygöldə isə qarlı hava şəraiti iki yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub. Sərnişin avtobusu ilə "Niva" markalı minik avtomobilinin toqquşması zamanı beş nəfər yaralanıb. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir. Sərnişinlərin sözlərinə görə, sürücü avtobusu hadisə yerində qoyaraq, oradan uzaqlaşıb. Qəzaya səbəb kimi yolun qarlı olmasından əlavə, sürücünün ehtiyatsızlığı da göstərilir.

Daha bir yol nəqliyyat hadisəsi isə Göygöl-Gəncə yolunun 4-cü km-də qeydə alınıb. Daşkəsən rayon sakini Əli Hüseynov idarə etdiyi avtomobillə Göygöl istiqamətində hərəkətdə olarkən yolun qarlı olmasından idarəetməni itirib. Nəticədə o, əks istiqamətdə gələn Gəncə şəhər sakini İlqar Yusibova məxsus "VAZ 21015" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ"ın sənişini 51 yaşlı Sahibə Mehdiyeva ağır bədən xəsarətləri ilə Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər üç hadisə ilə bağlı cinayət işi açılıb.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə