Masallıda mağazada oğurluq edən qrup yaxalanıb

Masallıda mağazada oğurluq edən qrup yaxalanıb

Masallı polisi bir neçə gün öncə baş vermiş oğurluq faktının üstünü açıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Masallı şəhər sakini Mirzəbi Nəbi oğlu Qurbanov polis şöbəsinə ərizə ilə müraciət edərək şəhərin Heydər Əliyev küçəsində yerləşən ona məxsus "Saliton Beko" məişət avadanlıqları mağazasından naməlum şəxs və ya şəxslər tərəfindən qapını sındırmaqla oradan ümumi dəyəri 4949 manat olan müxtəlif növ fotoaparatların, mobil telefonların, bank kartlarının oğurlanmasını bəyan edib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri sayəsində sözü gedən oğurluq hadisəsində şübhəli bilinən Masallı şəhər sakinləri, 1995-ci il təvəllüdlü Allahqulu Firdovsi oğlu Mehdiyev yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Polisə verdiyi ilkin ifadəsində A.Mehdiyev təqsirini boynuna alaraq, oğurluq faktını Masallı şəhər sakinləri, yetkinlik yaşına çatmamış 1997-ci il təvəllüdlü Orxan Şirvan oğlu Həsənov və 1998-ci il təvəllüdlü Orxan İbrahim oğlu Əlirzayevlə birlikdə törətdiyini bildirib. Mağazadan oğurlanan əşyalar maddi sübut kimi götürülərək istintaq materiallarına əlavə olunub.

Faktla bağlı Masallı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə