Ağır yol qəzasında 4 nəfər öldü

Ağır yol qəzasında 4 nəfər öldü

Bu gecə Qazax- Ağstafa avtomobil yolunun Köhnə Qışlaq kəndindən keçən hissəsində baş verən ağır yol qəzasında 4 nəfər dünyasını dəyişib. Bölgə müxbirinin verdiyi xəbərə görə, baş verən yol qəzasında 4 gənc dünyasını dəyişib. Gecənin qaranlığı və yağan güclü qar yollarda hərəkəti çətinləşdirib. Hətta elə vəziyyət yaranıb ki, avtomobillər körpüdən aşaraq qəza törədib. Belə dəhşətli hadisələrdən biri də Ağstafa rayonu ərazisində, Qazax- Ağstafa avtomobil yolunun Köhnə Qışlaq kəndindən keçən hissəsində baş verib. Yüksək sürətlə Qazax istiqamətində hərəkət edən 90 ER 606 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomaşın Köhnəqışlaq kəndi ərazisində dəmir yolu üzərindəki körpüdə idarəetməni itirərək dərəyə yuvarlanıb. Avtomaşın aşarkən yüksək gərginlikli elektrik xəttinin üzərinə düşüb. Nəticədə avtomobildə olan 4 nəfərin hamısı hadisə yerindəcə dünyalarını dəyişiblər. Bunlar - sürücü, Fizuli rayon sakini 30 yaşlı Elnur Əliyev, sərnişinlər Ağstafa rayon sakinləri 22 yaşlı Əli Mehrəliyev, 26 yaşlı Alqayit Abbasov və Ağsu rayon sakini 24 yaşlı Naiq İsiyevdir.

Qeyd edək ki, 10 minlik gərginliyi olan dəmiryolu xəttinin üzərinə düşən avtomobildən meyitləri, Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu çıxarıb. Meyitlər Qazax Diaqnoztika Mərkəzinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Kamran Əskiparalı, Ağstafa

Bütün xəbərlər Facebook səhifəmizdə