Penitensiar xidməti Müalicə müəssisəsində yanğın olub

Penitensiar xidməti Müalicə müəssisəsində yanğın olub

Ədliyyə Nazirliyi Penitensiar xidməti Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda baş vermiş yanğın barədə məlumat yayıb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, dekabrın 11-i saat 03.40 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda yanğın baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə müvafiq məlumat verilib, Penitensiar xidmətin şəxsi heyətinə həyəcan verilərək hazırlıq vəziyyətinə gətirilib, lazımi qüvvələr yanğın yerinə cəlb olunub. Yanğın baş verən korpusda olan məhkumların təhlükəsiz yerlərə köçürülməsi təcili olaraq təmin olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri operativ olaraq hadisə yerinə gəlib, əməliyyatın həyata keçirilməsinə çətinlik yaradan amillərə baxmayaraq yanğın nəzarət altına alınıb, 06:13 radələrində yanğının söndürülməsinə nail olunub.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ şöbəsinin böyük həkimi Zemfira Vahidova isə SİA-ya açıqlamasında deyib ki, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Qeyd edək ki, hadisənin səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə