DİN-in rəsmi məlumatları

Noyabrın 18-i saat 18:00-dan 19-u saat 08:00-dək olan müddətdə İ.Hacıyev küçəsində yerləşən, Aydın Namazova məxsus tikinti şirkətinin damından tikinti materialları oğurlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, həmin şirkətdə fəhlə işləyən Elnur Məmmədov Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıb.

Noyabrın 18-i saat 20:00 radələrində Z.Bünyadov prospektində yerləşən zavoddan, orada mühafizəçi işləyən Arzuman Əhmədov və Elman Məmmədov Aslan Kərimovun idarə etdiyi "Kamaz" markalı yük avtomobili ilə 20 ton qara metal oğurlamaq istəyən zaman Nərimanov RPİ 17-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Noyabrın 6-sı saat 19:00 radələrində Binəqədi rayonu Ə.Rəcəbli küçəsində Bakı şəhər sakini Çapay Tağıyev idarə etdiyi "Kamaz" markalı yük avtomobili ilə Arif Cavanşirovu vurub. A.Cavanşirov xəsarətlə KTM-ə daxil olmuş və noyabrın 19-da xəstəxanada dünyasını dəyişib.

Noyabrın 16-da Ş.Əzizbəyov küçəsində yerləşən, Bakı şəhər sakini Fərhad Xudaverdiyevə məxsus mağazadan, qapını sındırma yolu ilə 261 manat oğurlanıb. Nəsimi RPİ 21-ci PB və Post-Patrul Xidməti Bölüyü əməkdaşlarının keçirdikləri əməldiyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Əli Əliyev tutulub.

Noyabrın 17-si saat 20:00 radələrində Biləsuvar rayon sakinləri - Rahim Teymurov, Alim Qasımov və Süleyman Qasımov Nizami RPİ Cinayət-Axtarış Şöbəsi və Post-Patrul Xidməti Bölüyü əməkdaşları tərəfindən şübhəli şəxs qismində Q.Qarayev prospektində saxlanılıb. Müəyyən olunub ki, onlar həmin gün saat 19:20 radələrində A.Mustafayev küçəsində yerləşən aptekə gələrək orada satıcı işləyən Sücayət Əliyevaya bıçaqla hədə-qorxu gəlib 400 manat pulu götürmək istəyib. Lakin S.Əliyeva ətrafdakıları köməyə çağırmış və onlar cinayət əməllərini başa çatdıra bilməyiblər.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Xəyal Qurbanov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə