Qızılağac Qoruğunda baş verən yanğın söndürülüb

Qızılağac Qoruğunda baş verən yanğın söndürülüb

Dünən saat 16:10 radələrində Neftçala rayonunun pay torpaqlarında biçilmiş taxıl sahələrinə od vurulması səbəbindən yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, güclü külək nəticəsində yanğın sürətlə genişlənərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinə keçib və 55 hektara yaxın ərazini əhatə edib. Yanğın nəticəsində qoruğun qamış və quru ot örtüyü yanıb.

ETSN-nin yerli qurumlarının əməkdaşlarının səyləri ilə yanğın saat 21:50 radələrində tam söndürülüb. Təqsirkarların tapılması və barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır.

ETSN bir daha əhalini əsasən də torpaq mülkiyyətçilərini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə