Yardımlıda yol tikintisi sürətlə davam etdirilir

Yardımlıda yol tikintisi sürətlə davam etdirilir

Prezident İlham Əliyevin sərəncamı ilə ölkə əhəmiyyətli yolların yenidən qurulması və tikintisi ucqar dağ rayonu olan Yardımlı rayonunda da uğurla həyata keçirilir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hazırda rayonda infrastrukturun yaxşılaşması ilə yanaşı, illərlə həllini gözləyən yol problemləri aradan qaldırılır. Ölkə başçısı cənab İlham Əliyevin 21 fevral 2013-cü il tarixli "Yardımlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamında Yardımlı-Deman-Arvana avtomobil yolunun yenidən tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Yardımlı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Uzun illərdir bərbad vəziyyətdə olan, xüsusən də qış aylarında sakinlərin gediş-gəlişini çətinləşdirən 13.000-nəfər əhalinin yaşadığı 23-yaşayış məntəqəsini birləşdirən uzunluğu 46-kilometr olan Yardımlı-Deman-Arvana avtomobil yolunun tikinti işləri sürətlə davam etdirilir.

Qeyd edək ki, sonuncu dəfə bu yollarda təmir işləri 70-ci illərdə aparılıb. Ucqar dag yoluna yüksək keyfiyyətli asfalt örtüyünün çəkilməsi sakinlər tərəfindən razılıqla qarşılanır. Ucqar dag yolunun bərpası və yaşayış məntəqələrinə gediş-gəlişin asanlaşması, ərazidə yeni turizm müəssisələrinin salınmasına və sakinlərin yeni iş yerləri ilə təmin olunmasına təkan verəcək.

Yolun 2013-cü ilin sonuna qədər yüksək səviyyədə bərpa olunaraq əhalinin istifadəsinə verilməsi nəzərdə tutulub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə