Qubada yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 147-ci km-də, Quba rayonunun Paşa-oba kəndi ərazisində qeydə alınıb. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, Qubadan Bakı istiqamətində hərəkətdə olan "Pajero" markalı avtomobil, qarşıdan gələn 21 yaşlı Quba rayonunun İsnovqışlaq kənd sakini Mizzəfəddin Bayramovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Bu zaman "Pajero"nun arxasınca gələn Sumqayıt şəhər sakini Məmmədrza İbişovun idarə etdiyi sərnişin dolu mikroavtobus qəzaya uğrayan avtomobillərə çırpılıb. Nəticədə mikroavtobusda olan 6 nəfər və "Mercedes"in sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb.
5 nəfər yaralının xəsarətləri yüngül olduğundan onlar ilkin yardımdan sonra ambulator müalicəyə buraxılıb. "Mercedes"in sürücüsü Mizzəfəddin Bayramovun və mikroavtobusun sərnişini 59 yaşlı Sumqayıt şəhər sakini Zəbihə Məmmədtağıyevanın vəziyyəti orta-ağır olduğundan onlar Quba MRX-da müalicə alır.
Qeyd edək ki, qəzaya "Mercedes" markalı avtomobilin yüksək sürətlə yol hərəkəti qaydalarını pozmasının səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB