Fövqəladə Hallar Nazirliyi (FHN) mütəxəssislərinin vaxtında müdaxiləsi nəticəsində Lənkəran şəhərində kütləvi zəhərlənmənin qarşısı alınıb.
Hadisə iyunun 5-də saat 19.00 radələrində Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsinin 21-ci məhəlləsində qeydə alınıb.
Kəskin qoxu hiss edən yerli sakinlər dərhal FHN-in müvafiq qurumuna məlumat veriblər.
Əraziyə FHN-in Lənkəran Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti, nazirliyin Lənkəran Regional Mərkəzinin mütəxəssisləri, mülki müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunublar.
Ərazidə aparılan müşahidələrdən sonra məlum olub ki, Lənkəran şəhər sakini Aqşin Əliyevə məxsus yarımtikilinin həyətində 2 ədəd, diametri 70 santimetr, uzunluğu 2,5 metr olan dəmir balonlarda sıxılmış qaz halında olan xlor məhlulu var və həmin balonlardan sızma baş verdiyi üçün əraziyə kəskin qaz qoxusu yayılıb.
Ərazi dərhal təhlükəsizlik lenti ilə hasara alınıb və sakinlərə aşkarlanan kimyəvi qazın insan səhhəti üçün təhlükəli olduğu barədə xəbərdarlıq edilib.
Qaz sızmanın qarşısını almaq məqsədi ilə əraziyə 10 tonluq su və kimyəvi dezinfeksiya maşınları gətirilib, sızma baş verən balonların ətrafı su ilə yuyulub.
Sıxılmış qaz şəklində olan xlor məhlulunun ətrafa yayılmasını neytrallaşdırmaq məqsədilə Bakıdan FHN-in radiasiya-kimya səyyar laboratoriyasının mütəxəssisləri hadisə yerinə gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB