Qəza zamanı 5 hərbçi həyatını itirdi

Qəza zamanı 5 hərbçi həyatını itirdi

Bu gün səhər saat 08:05 radələrində Bakı-Quba-Rusiya Dövlət sərhədi avtomobil yolunun 179-cu km-də Quba rayonunun Aşağıatuc kəndi yaxınlığında dəhşətli qəza baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, hərbçiləri aparan "Raf" markalı mikroavtobus yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə 5 nəfər hadisə yerində keçinib, 8 nəfər isə ağır yaralı vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəza zamanı həlak olanlar Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçuları Ayaz Bayramov, Rəşad Adıgözəlov, Seymur Əliyev, Elmir İsmayılov və Elbəy İsmiyevdir. Hadisə zamanı xəsarət alan hərbçilər isə İskəndərov Əfqan Şərif oğlu, Məmmədov Fariz Elbəy oğlu, Həsənov Elnur Maksim oğlu, Musayev Ruslan Sabir oğlu, İsayev Namiq Qəhrəman oğlu və Ağaəlizadə İsmayıl Bəhaləddin oğlu xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, daha iki nəfərin isə yüngül xəsarət aldığı bildirilir. Yaralıların təcili olaraq müalicəsi məqsədilə hərbi həkim briqadası helikopter vasitəsilə rayona gətirilib.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə