Siyəzən rayonunda 60 yaşlı qadının vurulması ilə nəticələnən yol qəza hadisəsi baş verib. Hadisə şəhərin Sabir küçəsində qeydə alınıb. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, 33 yaşlı Siyəzən sakini Hüseynov Taleh Teyfur oğlunun idarə etdiyi "VAZ 2106" markalı nəqliyyat vasitəsi piyada Rəfiqə Məmmədovanı vurub. Küçə dar olduğundan nəqliyyat vasitəsi qadını yolun kənarındakı hasara sıxıb. Sürücü dərhal yaralını Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırıb. Bədənin müxtəlif nahiyələrindən ağır xəsarət alan Rəfiqə Məmmədovanın əməliyyat olunması üçün paytaxtdan həkim briqadası gəlib. Yaralının bir ayağı amputasiya olunub.
Hadisəni törədən Taleh Hüseynov saxlanılıb. Siyəzən rayon Polis şöbəsindən verilən məlumata görə, qəza zamanı o, sərxoş olub. Faktla bağlı avtotexniki və tibbi ekspertiza təyin olunub.
Piyadanın vurulması ilə nəticələnən digər bir yol nəqliyyat hadisəsi Quba rayonu ərazisində baş verib. Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Qırmızı qəsəbə ərazisindən keçən hissəsində "VAZ 2107" markalı avtomobil, piyada, elə həmin qəsəbə sakini 79 yaşlı Davidova Turə Yusif qızını vurub. Ağır xəsarətlər alan yaşlı qadın Quba MRX-nın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır-stabil olduğu bildirilir.
Qeyd edək ki, hazırda hər iki faktla bağlı araşdırma aparılır. Aparılan araşdırmaların sonunda hadisələrə düzgün hüquqi qiymət veriləcək.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB