Londonun həndəvərində artıq ikinci dəfədir ki, tülkünün uşağa hücüm etməsi faktı qeydə alınıb
Tülkü körpəni gəmirdi

İlin əvvəlindən bəri Londonun həndəvərində artıq ikinci dəfədir ki, tülkünün uşağa hücüm etməsi faktı qeydə alınıb. Londonun cənub-şərqindəki Bromlidəki evlərdən birinə girən tülkü 4 həftəlik uşağa hücum çəkib. Tülkü uşağın üzünü gəmirib, barmağını qoparıb.

Pol Dolan və Hayli Koulinin övladları, 4 həftəlik Denni Dolanın qışqırtısını eşidən anası hövlnak uşaq otağına qaçıb. "Oraya girəndə dəhşətə gəldim. Tülkü oğlumu çarpayıdan dartıb aşağı salmışdı və üzünü gəmirirdi. Daha sonra yırtıcı oğlumun əlini gəmirməyə başladı. Tülkünü zorla qovdum", - Hayli deyib.

London meri Boris Conson olayla bağlı deyib: "Xoşbəxtlikdən, belə dəhşətli hadisələr nadir hallarda baş verir. İstənilən halda şəhərdə tülkülərlə bağlı problemi həll etmək lazımdır. Şəhər küçəsində tülkünü görmək, bəlkə də, kiminsə xoşuna gələ bilər. Lakin unutmayın ki, tülkülər zərərvericilər, yırtıcılar, xəstəlik yayan heyvanlardır".

Haylinin dediyinə görə, tülkü oğlunun bir barmağını qopararaq qaçıb. Polisdən verilən məlumata görə, tülkü evin açıq qalmış pəncərəsindən içəri giribmiş. Üç uşaq anası, 28 yaşlı Koulinin sözlərinə görə, oğlu indi xəstəxanadadır. Denninin atası, 28 yaşlı Pol isə bildirib ki, oğlu Londonun mərkəzindəki Evelina Children’s Hospital-dadır.

Bütün xəbərlər Facebook səhifəmizdə