Helikopter qəzası şahid ifadələrində… YENİLƏNİB - FOTO

Helikopter qəzası şahid ifadələrində… YENİLƏNİB - FOTO

Bu gün saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək "Şıxov" çimərliyi istiqamətində qəzaya uğrayıb. SİA-nın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc xilasediciləri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Həyata keçirilmiş axtarış xilasetmə əməliyyatları nəticəsində 1 nəfərin meyiti sudan çıxarılıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SəsTV-yə verilən məlumata görə, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri - kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar. Rüstəm Rüstəmovun meyiti dənizdən çıxarılıb, digərlərinin tapılması istiqamətində isə axtarışlar davam edir.

Hadisə şahidlərinin gördükləri isə belə oldu:

Hadisə şahidi, Tahir Süleymanov

"Biz işdə idik. Birdə gördüm ki, möhkəm uğultuya oxşar səs gəlir. Tez çölə çıxdım ki, helikopterin göydə fırlanaraq dənizə düşdüyünü gördüm. Helikopter qəzaya uğrayarkən heç bir tüstü yox idi. Mən orda olduğum zaman ekipaj üzvlərindən kapitanın meyitinin çıxarıldığını gördüm".

Hadisə şahidi, Məhəmməd Rafiqoğlu

"Hava dumanlı idi. Gördüm ki, bir hərbi helikopter dənizin üzərində fırlanır, sonra birdən tarazlığını itirib suya düşdü. Bir azdan hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri gəldilər. Bir nəfərin meyidini sudan çıxardılar. Dedilər ki, helikopterdə üç nəfər olub. O birilərinin axtarışına bütün şəxsi heyət və texnika cəlb olunmuşdu. Hələ də axtarışlar davam edir".

Bu arada öyrəndik ki, hərbi helikopterdə qəzaya uğrayaraq həlak olan leytenant Bəhruz Zeynalovun fevralın 21-də toyu olacaqmış. Bunu B.Zeynalovun hadisə yerinə gələn valideynləri bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə